Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il əvvəl Rusiya vətəndaşı olan qadını qətlə yetirməkdə təqsirləndirilən iki nəfərə hökm oxunub. Seymur Məmişov 13 il, Elxan Xuduyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Denmedia.az xəbər verir ki, hökm hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Dövlət ittihamçısı çıxışında hər iki təqsirləndirilən şəxsin ayrı-ayrılıqda 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Baş Prokurorluğun məlumatına əsasən, 2013-cü il iyunun 25-də Seymur Məmişov və Elxan Xuduyev törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürüblər.
İstintaq zamanı onların qabaqcadan əlbir olaraq cinayəti törətmələri ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 2025-ci il martın 5-də hər iki şəxs Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə ilə bağlı maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
13 il əvvəl törədilmiş qətllə bağlı cinayət işi üzrə hər iki şəxsə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

