İtaliyalı qadın evlilik vədi ilə onu aldadaraq 1000 avrosunu ələ keçirən kişini tapmaq üçün Hindistana gedib.
India United Press nəşrinin məlumatına görə, Paola Bertolini adlı qadın Hindistanın Quruqram şəhərində yaşadığını bildirən bir kişi ilə romantik münasibət qurub.
Qadının sözlərinə görə, kişi ona sevgi etirafları edib, hətta gələcəkdə evlənə biləcəklərini söyləyib. Lakin Bertolini ona 1000 avro göndərdikdən sonra kişi bütün əlaqəni kəsərək yoxa çıxıb.
Bundan sonra qadın əvvəlcə İtaliyada polisə müraciət edib. Lakin iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın zəruri olması səbəbindən araşdırmanın çox ləng getdiyini bildirib.
Məsələni şəxsən həll etmək istəyən Bertolini Hindistana uçaraq Dehliyə gəlib. Daha sonra Quruqramın kibercinayətkarlıqla mübarizə bölməsi ilə əlaqə saxlayıb.
Qadın polis rəsmisi Qaurav Foqat ilə görüşərək başına gələnləri danışıb. Onun müraciətindən sonra faktla bağlı cinayət işi açılıb.
«Quruqramda yaşadığını iddia edən bir şəxsin törətdiyi beynəlxalq dələduzluq barədə məlumat vermək üçün İtaliyadan gəlmişəm», – deyə Bertolini bildirib.
O, Hindistan polisinin müraciətinə operativ reaksiya verdiyini və araşdırmaya başladığını qeyd edib.
Polisin məlumatına görə, şübhəli şəxsin yerini müəyyənləşdirmək üçün bank hesabları və texniki məlumatlar araşdırılır.
Hadisə ilə bağlı istintaq davam edir.

