Nahar və ya şam yeməyini çayla bitirmək vərdişi arıqlama səylərini hiss olunmadan puça çıxara bilər. Həkim-qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşuxun sözlərinə görə, içkilər çox vaxt rasionun ümumi kalori hesablamasına daxil edilmir və bu da yalnış kalori defisiti hissi yaradır. Mütəxəssis РИАМО ilə söhbətində çayı necə içməyin düzgün olduğunu və ümumiyyətlə, arıqlamaq istəyənlərin çay içib-içməməli olduğunu izah edib.
Çay niyə “neytral” içki sayılmır
Çayın özü arıqlamağa mane olmur. Problem içkiyə şəkər, bal, şərbətlər və ya yağlı süd əlavə edildikdə yaranır. Bu halda çay faktiki olaraq qidaya çevrilir.
Xüsusilə mənfi vəziyyət o zaman yaranır ki, şirin çay bol kalorili yeməklə birlikdə içilir və üstündən desert də əlavə olunur.
Şirin çay aclıq hissinə necə təsir edir
Şirin içkilərin mütəmadi qəbulu orqanizmdə daimi şəkildə qlükoza ilə “qidalanma” vərdişi formalaşdırır. Buna cavab olaraq bədən enerji ehtiyacları ödənmiş olsa belə, getdikcə daha tez-tez aclıq siqnalları göndərir.
Zaman keçdikcə arıqlayan insan üçün porsiyalara nəzarət etmək çətinləşir. Bunun ardınca isə metabolik pozuntular, o cümlədən ikinci tip diabet riski artır.
Arıqlama zamanı çay içmək olarmı?
Əgər çayı heç bir əlavə olmadan — yalnız çay dəmi və qaynar su ilə içirsinizsə, narahat olmağa dəyməz. Daha kalorili əlavələrlə içilən çay belə, əgər yüngül yeməklə — məsələn, tərəvəz salatı və az yağlı zülalla birlikdə qəbul edilərsə, daha az mənfi təsir göstərəcək.
Arıqlamaq üçün həmçinin vacibdir:
-
şəkər və şirinləşdiricilərin miqdarını tədricən azaltmaq;
-
az yağlı süd seçmək və ya ondan tamamilə imtina etmək;
-
içkilərdən alınan kaloriləri gündəlik rasionda mütləq nəzərə almaq.
Şirin çaya yaxşı alternativ kimi bitki dəmləmələri, əlavəsiz yaşıl çay və ya ilıq su tövsiyə olunur — bu içkilər iştahanı stimullaşdırmır.

