Qara çay təkcə enerji verən içki deyil, eyni zamanda dişlərin möhkəmlənməsinə kömək edə bilər. Food & Function jurnalında dərc olunan araşdırmaya görə, qara çayın tərkibində kariyesin inkişafını ləngidən birləşmələr aşkar edilib. Söhbət çay yarpağının fermentasiyası zamanı yaranan teaflavinlərdən gedir.
Alimlər teaflavinlərin kariyesin əsas səbəblərindən biri olan Streptococcus mutans bakteriyasına təsirini araşdırıblar. Məlum olub ki, teaflavinlər bakteriyaların çoxalmasını ləngidir və diş minasının üzərində lövhə yaranmasının qarşısını alır.
Bundan əlavə, qara çaydan alınan bu birləşmələr kollageni parçalayan və dentini zəiflədən fermentin aktivliyini azaldır. Dentin dişin əsas kütləsini təşkil edən möhkəm, lakin elastik minerallaşmış toxumadır.
Kariyes dünyada ən geniş yayılmış qeyri-infeksion xəstəlik hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 2,5 milyard insan bu problemlə üzləşir. Dişin dağılması ağrı yaradır, qidalanmanı və yuxunu çətinləşdirir, diş itkisinə səbəb olur və həyat keyfiyyətini aşağı salır. Eyni zamanda, kariyesin qarşısını almaq mümkündür.
Tədqiqatçılar hesab edirlər ki, teaflavinlər gələcəkdə təbii profilaktik vasitələrin əsasına çevrilə bilər – diş pastaları, ağız yaxalayıcıları və ağız boşluğu üçün funksional məhsullar hazırlanarkən istifadə oluna bilər.
Bununla belə, bir fincan keyfiyyətli qara çay diş baxımına əlavə dəstəkdir, lakin müstəqil profilaktika üsulu deyil. Güclü və çox istehlak edilən çay diş minasını ləkələyə bilər, şəkər əlavə edildikdə isə mümkün fayda tamamilə itir.
Sağlam və gözəl təbəssüm üçün klassik stomatoloji qaydalara əməl etmək vacibdir:
– Şirin qidaların tez-tez qəbulunu məhdudlaşdırmaq
– Kifayət qədər su içmək
– Kalsium və fosforla zəngin məhsullar qəbul etmək
– Turşulu içkilərə nəzarət etmək
– Gündə iki dəfə flüorlu diş pastası ilə dişləri təmizləmək
– Diş sapından istifadə etmək və yeməkdən sonra ağızı yaxalamaq
– Mütəmadi olaraq stomatoloji müayinədən keçmək

