Uzunmüddətli aclıq və susuzluq hipertoniya xəstələri üçün ciddi risk yarada bilər. Prof. Dr. İsmayıl Özkaya Ramazan ayında xüsusilə qan təzyiqi və diabet xəstələrini diqqətli olmağa çağırıb.
O bildirib ki, gün ərzində uzun müddət susuz qalmaq qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Hipertoniya xəstələri iftarla sahur arasında ən az 2 litr su qəbul etməlidir. Su çatışmazlığı təzyiqin artmasına gətirib çıxara bilər.
Özkaya vurğulayıb ki, iftar və sahurda sağlam, qidalı və protein ağırlıqlı qidalar seçilməlidir. Diabet xəstələrinin uzun aclıqdan sonra birdən-birə çox yeməsi qan şəkərinin dalğalanmasına səbəb olur. Bu isə yeməkdən sonra ani yuxululuq, gün ərzində güclü susuzluq və diqqət dağınıqlığı ilə müşahidə edilə bilər.
Mütəxəssis diabet xəstələrinə qidalanmanı bölərək etməyi, meyvəni ölçülü şəkildə yeməyi və imkan varsa yüngül fiziki aktivliklə məşğul olmağı tövsiyə edib. Sahurda isə karbohidratı azaltmaq, protein və göyərtiyə üstünlük vermək daha məqsədəuyğundur.
Özkaya əlavə edib ki, hipertoniya xəstələri duzdan uzaq durmalıdır. Duz təzyiqi qəfil yüksəldə bilər və bu, beyin qanaması və infarkt riskini artırır.

