Bəzi beynəlxalq hotel şəbəkələri son aylarda pulsuz səhər yeməyindən imtina etməyi düşünür və bəzi yerlərdə artıq bu xidməti ləğv etməyə başlayıblar. Bu barədə CNBC məlumat yayıb.
Məlumata görə, əsas səbəb xərclərin artması və hotellərin qənaət tədbirlərini gücləndirməsidir. Otellər bundan əvvəl də xərcləri azaltmaq üçün müxtəlif addımlar atıblar. Belə ki, bəzi hotellərdə vanna otaqlarından qapılar, masalar və güzgülər çıxarılıb, qonaqlara verilən dəsmalların sayı azaldılıb, həmçinin paltarların yuyulma tezliyi azaldılıb.
Dəyişikliklər hotel mətbəxlərinə də təsir edib. Bəzi hotel şəbəkələri artıq təzə yumurta əvəzinə yumurta tozundan istifadə etməyə başlayıb. Lakin görülən bu tədbirlər xərcləri kifayət qədər azaltmayıb. Aparılan hesablamalardan sonra hotellər ən böyük xərclərdən birinin məhz səhər yeməyi olduğunu müəyyən ediblər.
Ekspertlərin apardığı sorğular isə göstərib ki, pulsuz səhər yeməyi olmadıqda hotel qonaqları gündə əlavə olaraq 10 dollardan çox pul xərcləməli olurlar.

Qlobal marketinq və informasiya xidmətində qonaqpərvərlik üzrə rəhbər Andrea Stokes bildirib ki, qonaqların demək olar ki, yarısı pulsuz səhər yeməyini standart xidmət və hotel təcrübəsinin vacib hissəsi hesab edir.
Onun fikrincə, əgər qonaqlar səhər yeməyi üçün ayrıca ödəniş etməli olsalar, bir çox hotellər daimi müştərilərini itirə bilər, çünki səyahətçilər qalacaqları yeri seçərkən pulsuz səhər yeməyinin olub-olmamasına xüsusi diqqət yetirirlər.
Bununla belə, bəzi səyahətçilər hesab edir ki, “pulsuz” səhər yeməyi əslində pulsuz deyil, çünki onun qiyməti artıq otağın qiymətinə daxil edilir. Buna görə də bəzi müştərilər hotellərin bu qərarının böyük müştəri itkisinə səbəb olmayacağını düşünür.

