Alimlər Asit Kumar Mişra (University College Cork) və Mari Koggins (University of Galway) müəyyən ediblər ki, aromatik şamlar havada xırda hissəciklərin səviyyəsini ÜST-ün tövsiyə etdiyi normadan 15 dəfə artıq artırır. Bu isə havanın keyfiyyətini ciddi şəkildə pisləşdirir və təhlükəli xəstəliklərin yaranma riskini artırır. Bu barədə t-online məlumat yayıb.
Aromatik şamların yanması zamanı zəhərli qazlar — kükürd dioksidi, karbon monoksid və azot oksidləri ayrılır. Təsirin gücü bəzi hallarda siqaretdən 4 dəfə çox ola bilər.
Qısa müddətdə bu belə özünü göstərir:
— ağciyər, göz, burun və boğazda qıcıqlanma;
— öskürək, asqırma və tənəffüs yollarında narahatlıq.

Uzunmüddətli təsirlər isə daha təhlükəlidir: xroniki bronxit, ürək-damar xəstəlikləri və hətta ağciyər xərçəngi. Astma xəstələri üçün risk xüsusilə yüksəkdir — şamlar tutmaları gücləndirə bilər.
Bir çox insan riskləri azaltmaq üçün təbii mumdan hazırlanan şamları seçir. Lakin hətta onlar da zərərli maddələr ehtiva edə bilər. Bəzi komponentlər otaq havasındakı ozonla reaksiyaya girərək zəhərli birləşmələr yaradır.

Şamlardan tam imtina etmək vacib deyil. Riskləri azaltmaq üçün:
— şamları geniş məkanlarda yandırın;
— açıq pəncərə yanında və ya mümkün olduqda açıq havada istifadə edin;
— unutmayın ki, tüstünün əsas hissəsi yanma zamanı ayrılır.
Sevdiyiniz ətirlərdən düzgün istifadə etsəniz, sağlamlığa zərər vermədən faydalana bilərsiniz. Amma artıq məlumdur ki, bütün şamlar göründüyü qədər təhlükəsiz deyil.

