Bir çox insan yemək qalıqlarını — hazır yeməklərdən tutmuş ət məhsullarına qədər — plastik qablarda dondurucuda saxlamağa öyrəşib. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu vərdiş qidaya mikroplastik hissəciklərinin keçməsi səbəbindən arzuolunmaz nəticələr yarada bilər.
Bu barədə Daily Mail məlumat yayıb.
Britaniyanın Which? təşkilatının mütəxəssisləri qidaları dondurmaq üçün aşağı temperatura davamlı və plastiklə müqayisədə daha uzunömürlü alternativ sayılan şüşə və ya polad qablardan istifadə etməyi məsləhət görürlər.
Ekspertlərin sözlərinə görə, dondurulma zamanı plastik kövrəkləşə və tədricən parçalanmağa başlaya bilər. Bu zaman materialın xırda hissəcikləri qoparaq mikroplastik şəklində qidaya keçə bilər. Mütəxəssislər bildirirlər ki, oxşar proses qidanın plastik qabda qızdırılması zamanı da güclənə bilər.
Bununla belə, plastik qablardan gündəlik olaraq soyuducuda qida saxlamaq üçün istifadə etmək mümkündür. Amma dondurucu və mikrodalğalı soba üçün ekspertlər alternativ qabların seçilməsini tövsiyə edirlər.
Mikroplastik ölçüsü 5 millimetrdən kiçik olan plastik hissəciklərə deyilir. Onlar plastik məmulatların, o cümlədən paketlərin, butulkaların və qabların parçalanması nəticəsində yaranır.
Ekspertlər izah edirlər ki, plastik qabların təkrar qızdırılması və ya dondurulması bu parçalanma prosesini sürətləndirə bilər. Buna görə də qidanın plastik qabda saxlanması və hazırlanması insanın mikroplastiklə təmasının mənbələrindən biri kimi qiymətləndirilir.
Araşdırmalar mikroplastikin ətraf mühitə mənfi təsir göstərdiyini artıq təsdiqləyib. Alimlər müəyyən ediblər ki, mikroplastik kiçik dəniz orqanizmlərinin və bitkilərin karbon toplamaq qabiliyyətinə mane ola bilər. Bu isə iqlim dəyişikliyinin qarşısının alınmasında mühüm rol oynayan “mavi karbon” dövranını poza bilər.
Bununla yanaşı, alimlər mikroplastikin insan sağlamlığına uzunmüddətli təsiri ilə bağlı hələ yekun nəticəyə malik deyillər. Lakin bu hissəciklər artıq qan, ağciyər, plasenta və ana südündə aşkarlanıb.

Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi, yəni UKHSA da nanoplastikin beyinə potensial təsirinə diqqət çəkib. Qurum izah edib ki, həddindən artıq kiçik hissəciklər beyni toksinlərdən və təhlükəli maddələrdən qoruyan təbii baryeri — hematoensefalik baryeri keçə bilər.
Mütəxəssislər bildirirlər ki, nanoplastik həmin qoruyucu baryeri dəstəkləyən və toksinlərin xaric edilməsinə kömək edən perisit hüceyrələri ilə qarşılıqlı təsirə girə bilər. Alimlər hazırda bu cür hissəciklərin toplanmasının neyrodegenerativ xəstəliklərin, xüsusilə Alzheimer və Parkinson xəstəliklərinin inkişafı ilə bağlı olub-olmadığını araşdırırlar.

