Kardioloq Aurelio Roxas bildirib ki, bəzi meyvə və giləmeyvələr arıqlamaq istəyənlər arasında populyar olan “Ozempik” preparatına bənzər təsir göstərə bilər. Onun sözlərini 20minutos nəşri yayıb.
Roxasın izahına görə, “Ozempik” iştahanı tənzimləyən, insulinə həssaslığı artıran və yağ yandırılmasına kömək edən GLP-1 hormonunun təsirini təqlid edir.
Həkim bildirib:
Orqanizmdə bu hormonun istehsalını təbii şəkildə sürətləndirən məhsullar var. Üstəlik, onların qlikemik indeksi aşağıdır, qanda şəkərin kəskin artmasına səbəb olmur, C vitamini ilə zəngindir, immun sistemini gücləndirir və arıqlamağa çox vaxt mane olan stress hormonu — kortizolun səviyyəsini azaltmağa kömək edir.
Kardioloq bu məhsullar sırasına nar, kivi, çiyələk və qaragiləni daxil edib.

Həkimin sözlərinə görə, bu meyvə və giləmeyvələri demək olar ki, hər kəs qəbul edə bilər, çünki “Ozempik”dən fərqli olaraq yan təsirləri yoxdur. Bununla belə, Roxas vurğulayıb ki, onlar arıqlamaq üçün yalnız əlavə vasitə kimi qiymətləndirilməlidir.

