Cənubi Asiyadan olan fitnes məşqçisi Zi Ali 46 yaşında artıq çəkidən xilas olub. Onun arıqlama üsulları barədə NDTV məlumat yayıb.
Alinin sözlərinə görə, o, ilk növbədə qidalanmasını dəyişib və gündəlik 180-200 qram zülal qəbul etməyə başlayıb. Məşqçi bildirib ki, zülal zərərli qidalara olan istəyi azaldır və əzələ kütləsinin artmasına kömək edir.
O, həmçinin gündəlik rejimin əvvəlcədən planlaşdırılmasının vacib olduğunu deyib. Alinin sözlərinə görə, idman zalına getmək, yemək vaxtları və gəzintilər planlı olduqda insan rejimdən yayınmır və başladığı prosesi yarımçıq qoymur.
Fitnes məşqçisi arıqlamasında yuxu və su qəbulunun da mühüm rol oynadığını bildirib. O, hər gün saat 22:30-dan əvvəl yatmağa və gündə 3-4 litr su içməyə başlayıb.
“Daha çox yuxu — daha çox enerji, daha çox su — daha az aclıq. Hər şey sadədir”, — deyə Ali qeyd edib.
Bu qaydalar sayəsində fitnes məşqçisi yarım il ərzində 25 kiloqram arıqlamağı bacarıb.

