Uşaqların qadjetlərdən asılı olmasının əsas səbəblərindən biri diqqət və qəbul olunma ehtiyacıdır. Bunu Tatarıstan Respublika Klinik Narkoloji Dispanserinin psixoloji laboratoriyasının müdiri, klinik psixoloq Liliya Zaytseva “Tatar-inform”a açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, uşaqlar çox vaxt oyunlarda reallıqdan qaçmaq üçün bir yol tapırlar.
“Bəzən kənardan elə görünür ki, uşaq oyuna sadəcə çox maraqlı və cəlbedici olduğu üçün aludə olub. Əslində isə psixoloji səbəb ondadır ki, orada ona buradakından daha maraqlıdır. Uşağın virtual aləmə yönəlməsinin əsas səbəbləri qəbul olunmaq və tanınmaq ehtiyacıdır. Məsələn, məktəbdə və evdə o, zəif oxuyan uşaq kimi qəbul edilir, amma virtual reallıqda superoyunçu, güclü personaj olur”, — psixoloq bildirib.
Zaytseva qeyd edib ki, belə hallarda valideynlər yalnız qadcet istifadəsini məhdudlaşdırmaqla kifayətlənməməli, uşağın emosional ehtiyaclarına da diqqət yetirməlidirlər.
Onun sözlərinə görə, uşağın ailədə və məktəbdə dəyərli, eşidilən və qəbul olunan hiss etməsi qadcet asılılığının qarşısının alınmasında mühüm rol oynayır.

