Yatmazdan əvvəl ac qalmaq sağlamlıq üçün təhlükəli ola bilər. Bu, xroniki yuxusuzluğa səbəb olur. Bunu NEWS.ru-ya dietoloq və aktiv uzunömürlülük üzrə ekspert Yelena Jelyanina bildirib.
Onun sözlərinə görə, yuxunun keyfiyyətinin pisləşməsi öz növbəsində iştahanın artmasına və şirniyyata meylin güclənməsinə səbəb olur.
“Yatmazdan əvvəl aclıq yaxşı strategiya deyil. O, yuxunun keyfiyyətini pisləşdirir, xroniki yuxusuzluq isə iştahanı artırır, şirniyyata meyli gücləndirir, aclıq və toxluq hormonlarının tənzimlənməsini pozur və nəticədə çəki atmağı çətinləşdirir. Bizi kökəldən saat deyil, müntəzəm olaraq artıq kalori qəbul etmək, fiziki aktivliyin az olması və bioloji ritmlərin pozulmasıdır”, – deyə Jelyanina qeyd edib.
Dietoloq əlavə edib ki, saat 18:00-dan sonra yeməmək qaydası da mütləq və tamamilə doğru deyil.
Onun sözlərinə görə, ən optimal variant yatmazdan iki-üç saat əvvəl şam etməkdir. Qidalanmaya zülal, tərəvəz və faydalı yağların daxil edilməsi tövsiyə olunur. Ekspert bildirib ki, belə qidalanma uzun müddət toxluq hissini təmin edir və çəki artımına səbəb olmur.

“Bir neçə onillikdir bir mif ağızdan-ağıza ötürülür: “Arıqlamaq istəyirsənsə, saat 18:00-dan sonra ağzını bağla”. Amma bu doğru olsaydı, axşama qədər işləyən hər kəs artıq çəkiyə məhkum olardı, 18:00-dan sonra yeməyənlərin hamısı isə arıq olardı”, – deyə ekspert vurğulayıb.
Jelyaninanın sözlərinə görə, axşam saatlarında toxumaların insulinə həssaslığı azalır və orqanizmin artıq miqdarda karbohidratı səmərəli şəkildə emal etmək qabiliyyəti zəifləyir. Buna görə də axşam saatlarında pizza, şirniyyat və digər fast-food məhsullarından istifadə etmək yaxşı seçim deyil.
“Amma bu, qətiyyən ac qarına yatmaq lazım olduğu anlamına gəlmir”, – deyə ekspert fikrini yekunlaşdırıb.

