Türkiyə mətbəxində bu məzə ət yeməkləri, lavaş və müxtəlif isti yeməklərin yanında soyuq şəkildə süfrəyə verilir. Onu fərqləndirən əsas məqam isə kökün çiy deyil, əvvəlcə yüngül qovrulmasıdır. Beləliklə, kök həm yumşalır, həm də xoş şirin dad qazanır.
Soyuduqdan sonra kök qatı qatıq, sarımsaq və şüyüdlə qarışdırılır. Üzərinə əlavə edilən qoz isə məzəyə həm fərqli dad, həm də xırtıldayan tekstura verir.

Lazım olan ərzaqlar:
4 ədəd kök, 250 qram qatı yunan qatığı, 2 diş sarımsaq, 50 qram qoz, kiçik dəstə şüyüd, 1–2 xörək qaşığı bitki yağı və zövqə görə duz.
Hazırlanması:
- Kökü təmizləyib iri sürtgəcdən keçirin.
- Tavada yağı qızdırın və kökü orta odda təxminən 5–7 dəqiqə qovurun. Kök yumşalmalı, lakin tam əzilməməlidir. Sonra tam soyumasını gözləyin.
- Ayrı qabda qatı qatığı əzilmiş sarımsaq, duz və xırda doğranmış şüyüdlə qarışdırın.
- Soyumuş kökü qatığa əlavə edib yaxşıca qarışdırın.
- Hazır məzəni boşqaba çəkin, üzərinə iri doğranmış qoz səpin. İstəyə görə şüyüdlə bəzəyə bilərsiniz.
Denmedia.az

