Kontakt linzalar gündəlik həyatı asanlaşdırsa da, onlarla bağlı çoxlarının diqqət etmədiyi bir vərdiş göz sağlamlığı üçün ciddi risk yarada bilər: linzaları çıxarmadan duş qəbul etmək.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, kontakt linzaların su ilə təması göz infeksiyası riskini artıra bilər. Buna səbəb kran suyunun tam steril olmaması və tərkibində müxtəlif mikroorqanizmlərin ola bilməsidir. Xüsusilə suda rast gəlinən “Acanthamoeba” adlı mikroskopik orqanizm buynuz qişada nadir, lakin ağır infeksiya – Acanthamoeba keratiti yarada bilər.
Duş zamanı su linzanın altına keçə bilər. Yumşaq kontakt linzalar su ilə təmas etdikdə formasını dəyişə, şişə və göz səthinə daha sıx yapışa bilər. Bu isə buynuz qişada xırda zədələrin yaranmasına və mikrobların gözə daxil olmasının asanlaşmasına səbəb ola bilər.

Ən ağır hallarda belə infeksiyalar görmənin zəifləməsinə, buynuz qişanın transplantasiyasına ehtiyac yaranmasına, hətta görmə itkisinə qədər gedib çıxa bilər. Buna görə CDC kontakt linzaları duşdan, üzgüçülükdən və isti vannadan əvvəl çıxarmağı tövsiyə edir. FDA da linzaların kran, butulka, distillə edilmiş, göl və ya dəniz suyu ilə təmasından çəkinməyi məsləhət görür.

Əgər linza təsadüfən su ilə təmas edibsə, CDC onu mümkün qədər tez çıxarmağı, birdəfəlikdirsə atmağı, təkrar istifadə ediləndirsə isə yenidən taxmazdan əvvəl uyğun məhlulla təmizləyib dezinfeksiya etməyi tövsiyə edir. Gözdə ağrı, qızartı, bulanıq görmə və ya işığa həssaslıq yaranarsa, linzanı çıxarıb göz həkiminə müraciət etmək vacibdir.

