Rusiya alimləri üzümün tərkibində olan təbii birləşmənin Parkinson xəstəliyi zamanı sinir hüceyrələrinin qorunmasına və yaddaşın yaxşılaşmasına kömək edə biləcəyini müəyyən ediblər.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Q.B. Yelyakov adına Sakit Okean Bioüzvi Kimya İnstitutunun məlumatına görə, söhbət “Alfa” üzüm sortunda olan trans-vitisin B adlı birləşmədən gedir.
Alimlərin siçanlar üzərində apardıqları təcrübələr zamanı trans-vitisin B-nin hərəkət funksiyalarını yaxşılaşdırdığı və yaddaş göstəricilərinin bərpasına kömək etdiyi müşahidə olunub. İnstitutun məlumatında eksperimental şəraitdə standart terapiyaya xas bəzi əlavə təsirlərin qeydə alınmadığı da bildirilir.

Araşdırmaya əsasən, trans-vitisin B hətta aşağı konsentrasiyalarda iki iltihabi sitokinin istehsalını müvafiq olaraq 77 və 11 faiz azaldıb, həmçinin beyində hüceyrə membranları və mitoxondrilərin zədələnmədən qorunmasına təsir göstərib.
Tədqiqatçılar birləşmənin hüceyrələrdə zülalların düzgün tarazlığının qorunması prosesi – proteostazın saxlanmasına da kömək etdiyini bildirirlər. Proteostazın pozulması neyrodegenerativ proseslərlə əlaqələndirilir.
“Alfa” ABŞ mənşəli tünd rəngli hibrid üzüm sortudur. Sərt iqlim şəraitinə davamlılığı ilə seçilən bu sortdan müxtəlif məqsədlərlə, o cümlədən yaşıllaşdırmada istifadə olunur.

Qeyd edək ki, nəticələr siçanlar üzərində aparılan təcrübələrə əsaslanır və üzüm yeməyin insanlarda Parkinson xəstəliyini dayandırdığı və ya yaddaşı bərpa etdiyi nəticəsinə gəlmək üçün klinik tədqiqatlara ehtiyac var.

