Psixiatr Fernando Mora psixi sağlamlığı möhkəmləndirməyin ən yaxşı üsullarından biri hesab etdiyi metodu açıqlayıb. Həkimin “Tengo un plan” podkastında səsləndirdiyi tövsiyəyə “El Confidencial” nəşri diqqət çəkib.
Moranın sözlərinə görə, insanın psixoloji rifahına öz-özü ilə apardığı daxili dialoq ciddi təsir göstərir və bir çox insanda bu dialoq mənfi xarakter daşıyır. O bildirib ki, insan özünə qarşı həddindən artıq sərt davranır və daim özünü mühakimə edirsə, özünün ən böyük düşməninə çevrilə bilər.
Psixiatr belə insanlara “güzgü texnikası”ndan istifadə etməyi tövsiyə edib. Bunun üçün insan güzgü qarşısında dayanaraq əvvəllər özü haqqında düşündüyü və ya dediyi bütün mənfi fikirləri ucadan təkrarlamalıdır.

Mora alternativ olaraq insanın uşaqlıq şəklini qarşısına qoymasını və həmin mənfi sözləri şəkildəki uşağa söyləməsini təklif edib. Onun sözlərinə görə, pasiyentləri adətən bunu edə bilmirlər, edənlər isə həmin sözləri əvvəlki qədər ciddi şəkildə söyləməkdə çətinlik çəkirlər.
Mütəxəssis bildirib ki, bu üsul insanın özünə qarşı həddindən artıq tənqidi münasibətini üzə çıxarmaq üçün güclü vasitədir.
Sonda psixiatr insanları özləri ilə daha mehriban danışmağa və özlərinə müraciət edərkən yaxın bir insana məsləhət verərkən istifadə edəcəkləri tona bənzər üslub seçməyə çağırıb.

