Daim şikayət etməyin stress səviyyəsini artıra biləcəyi bildirilir. Mütəxəssislər bu vərdişdən uzaqlaşmaq üçün bir neçə üsul tövsiyə ediblər.
Real Simple nəşrinə danışan psixoloq Kerri Kenniti və psixoterapevt Sara Klouz davamlı şikayətlənməyin səbəbləri və bunun qarşısını almağın yollarından bəhs ediblər.
Kerri Kennitinin sözlərinə görə, şikayət etmək bəzən faydalı ola bilər. Bu, insana mənfi emosiyalarını ifadə etməyə, hisslərini bölüşməyə və problemlərin həlli istiqamətində ilk addımı atmağa kömək edir.
Lakin psixoloq xəbərdarlıq edib ki, şikayət etmək vərdişə çevrildikdə orqanizmdə stress hormonu olan kortizolun səviyyəsinin artmasına səbəb ola bilər.
Mütəxəssis mənfi hissləri ifadə etməklə müsbət düşüncə tərzini qorumaq arasında tarazlıq yaratmağı məsləhət görüb.
Onun fikrincə, şikayət edərkən «amma» və ya «və» bağlayıcılarından istifadə etmək diqqətin yalnız mənfi hadisələrə yönəlməsinin qarşısını ala bilər.
Məsələn: «Bu gün yata bilmədiyim üçün çox yorğunam, amma axşamkı qonaqlığı səbirsizliklə gözləyirəm».

Psixoterapevt Sara Klouz isə sadəcə şikayət etmək xatirinə şikayətlənməkdən çəkinməyi tövsiyə edib.
O, insanlara özlərinə belə bir sual verməyi məsləhət görüb:
«Şikayət etdikdən sonra özümü daha yaxşı başa düşülmüş hiss edirəm, yoxsa yenidən məyus olub eyni vəziyyətə qayıdıram?»
Mütəxəssisin sözlərinə görə, insan öz hisslərinə diqqət yetirməklə mənfi təcrübənin öhdəsindən gəlib-gəlmədiyini, yoxsa hələ də həmin yaşantıların təsiri altında qaldığını anlaya bilər.

