Qəfil qarın ağrısı zamanı dərhal isti su torbasından istifadə etmək və ya isti vanna qəbul etmək tövsiyə edilmir. İstilik ağrını müvəqqəti azalda bilər, lakin kəskin xəstəliklər zamanı iltihabı gücləndirə bilər.
Bu barədə Piroqov Universitetinin 2 saylı hospital cərrahiyyəsi kafedrasının assistenti Ruslan Denişev NEWS.ru ilə söhbətində bildirib.
Həkimin sözlərinə görə, istilik əzələləri boşaldır, qan damarlarını genişləndirir və spazmı azaldır. Buna görə də ağrı həqiqətən müəyyən müddət zəifləyə bilər. Lakin ağrının səbəbi qarın boşluğu orqanlarının kəskin iltihabı ilə bağlıdırsa, istilik patoloji prosesin inkişafını sürətləndirə bilər.
“Xüsusilə ağrı qəfil yaranıbsa, sürətlə güclənirsə, daimi xarakter alırsa və ya ürəkbulanma və qusma ilə müşayiət olunursa, qarın nahiyəsini isitmək məsləhət deyil”, – deyə Denişev bildirib.

Mütəxəssis izah edib ki, əlavə istilik həmin nahiyədə qan dövranını artırır. İltihab zamanı bu, ödemin və iltihabi reaksiyanın güclənməsinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, xüsusilə appendisit, öd kisəsinin iltihabı və digər cərrahi xəstəliklərdən şübhələnildikdə qarın nahiyəsinin isidilməsi vəziyyəti ağırlaşdıra bilər.
Denişev buna görə də güclü və xüsusilə qeyri-adi qarın ağrısı zamanı əvvəlcə ağrının səbəbini müəyyənləşdirməyi, yalnız bundan sonra simptomların yüngülləşdirilməsi üsulunu seçməyi tövsiyə edib.

