Kirpik qaynağı dəridə yaşayan demodeks gənələrinin yaranmasına və çoxalmasına birbaşa səbəb olmur.
Lakin bu kosmetik prosedur allergik reaksiyalara və göz ətrafında iltihaba səbəb ola bilər.
360.ru xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Mariyat Muxina danışıb.
Mütəxəssisin sözlərinə görə, demodeks gənələri insan dərisinin təbii mikroflorasının bir hissəsidir və sağlam insanlarda adətən heç bir problem yaratmır.
“Demodeks, həqiqətən də, dəri parazitidir. Lakin o, yalnız dərinin yerli immun müdafiəsi zəiflədikdə xəstəliyə səbəb olur. Normal şəraitdə dərimizin təbii sakinlərindən biri hesab edilir”, – deyə həkim bildirib.
Bununla yanaşı, dermatoloq kirpik qaynağının müəyyən risklər daşıdığını vurğulayıb. Onun sözlərinə görə, prosedur zamanı istifadə edilən materiallar allergik reaksiyalara, dərinin, gözlərin və göz qapaqlarının iltihabına səbəb ola bilər.
Mütəxəssis bu səbəbdən kirpik qaynağı etdirərkən ustanın peşəkarlığına, gigiyena qaydalarına əməl etməsinə və istifadə olunan materialların keyfiyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edib.

