Yüksək xolesterin səviyyəsi yalnız artıq çəki və yağlı qidalarla bağlı deyil. Kardioloq və funksional diaqnostika həkimi Rəşid Songurov bunun daha az bilinən səbəblərini açıqlayıb.
“RİA Novosti”yə danışan mütəxəssisin sözlərinə görə, orqanizmdəki xolesterinin təxminən 70–80 faizi bədən tərəfindən, əsasən qaraciyərdə sintez olunur. Buna görə də normal çəkisi və balanslı qidalanması olan insanlarda belə “pis xolesterin” kimi tanınan LDL səviyyəsi yüksək ola bilər.
Həkim bildirib ki, bunun ən geniş yayılmış səbəblərindən biri irsi meyillilikdir. Bundan başqa, yaş, fiziki aktivliyin azlığı, siqaret çəkmək və xroniki stress də xolesterinin yüksəlməsinə təsir göstərə bilər.
Songurovun sözlərinə görə, bəzən yüksək xolesterinin səbəbi qidalanma və həyat tərzi ilə birbaşa əlaqəli olmayan xəstəliklər olur. Belə hal hipotireoz, şəkərli diabet, bəzi qaraciyər və böyrək xəstəlikləri, eləcə də müəyyən dərman preparatlarının qəbulu fonunda müşahidə edilə bilər.

