Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şairə və tərcüməçi Alla Axundova vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.
Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. O, 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali Rejissorluq və Ssenari Kurslarının ssenari şöbəsini bitirib.
Axundova 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1988-ci ildə isə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Alla Axundova “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. O, həmçinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib.
1970-ci illərin tanınmış sovet və rus ədəbiyyat tənqidçisi Stanislav Lesnevski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas “sütunundan” biri adlandırıb.

