Şahzadə Diananın qardaşı, qraf Çarlz Spenserin bacısı haqqında yazdığı və hələ nəşr olunmamış kitabının nüsxələri Niderlandda oğurlanıb.
BBC-nin məlumatına görə, “Swan Song: Diana, My Sister” (“Qu nəğməsi: Diana, mənim bacım”) kitabının holland dilindəki nəşrinin dörd nüsxəsi mətbəədən anbara aparılarkən yük avtomobilindən oğurlanıb.
Mənbənin sözlərinə görə, hadisə sürücünün məcburi istirahət üçün dayanacaqda saxladığı avtomobilin kabinəsində yatdığı vaxt baş verib. Niderland polisi oğurluqla bağlı araşdırma aparır. Hadisənin dəqiq harada baş verdiyi açıqlanmayıb. “Daily Mail” isə oğurluğun həftənin əvvəlində Niderlandın kənd ərazilərindən birində baş verdiyini yazıb.

Kitabın çərşənbə axşamı Böyük Britaniyada və dünyanın digər ölkələrində satışa çıxarılması nəzərdə tutulur. Əsərdə Şahzadə Diananın həyatı qardaşı Çarlz Spenserin baxış bucağından təqdim edilir.
Qraf Spenser ötən ay kitabın nəşr ediləcəyini bildirərkən Diananın ölümünün 30-cu ildönümü ərəfəsində çoxsaylı müsahibə təklifləri aldığını və başqalarının fikirlərini yenidən oxumaqdansa, öz xatirələrini qələmə almağa qərar verdiyini deyib.
“Bu kitabın məqsədi 1997-ci ilin sentyabrında Vestminster abbatlığındakı vida nitqimdə etməyə çalışdığım kimi, Diana haqqında həqiqəti onun qardaşının baxışından danışmaqdır. Diana adından danışmaq və bunu açıq şəkildə müsbət formada etmək istəyirəm”, – Spenser bildirib.
O, Diananın dəfn mərasimindəki məşhur çıxışında bacısını “mərhəmətin, vəzifə hissinin, zərifliyin və gözəlliyin təcəssümü” adlandırmış, eyni zamanda medianın ona münasibətini sərt tənqid etmişdi.
Şahzadə Diana 1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında 36 yaşında həyatını itirib. Həmin vaxt oğulları Şahzadə Uilyam 15, Şahzadə Harri isə 12 yaşında idi.
Bənzər hadisə 2023-cü ildə də yaşanmışdı. Şahzadə Harrinin “Spare” adlı memuarının nüsxələri rəsmi dünya təqdimatından bir neçə gün əvvəl səhvən İspaniyada satışa çıxarılmışdı.

