Yaxın Şərq mətbəxinin ən məşhur yeməklərindən biri olan falafel, düzgün hazırlananda xırçıltılı qabıq və yumşaq iç quruluşu ilə seçilir. Ev şəraitində asanlıqla hazırlana bilən bu resept həm doyumlu, həm də balanslıdır.
Lazım olan ərzaqlar
Falafel üçün:
-
1,5 stəkan noxud (1 gecə əvvəl suda isladılmış)
-
1 ədəd quru soğan
-
2 diş sarımsaq
-
1 çay qaşığı qabartma tozu
-
1 çay qaşığı keşniş
-
Yarım dəstə cəfəri
-
2 budaq yaşıl soğan
-
1 çay qaşığı zirə
-
1 çay qaşığı qara istiot
-
1 çay qaşığı qırmızı bibər tozu
-
2 xörək qaşığı un
-
1 çay qaşığı duz
Sous üçün:
-
1 stəkan süzmə qatıq
-
3 xörək qaşığı tahin
-
2 diş əzilmiş sarımsaq
-
Yarım limonun suyu
-
1 çay qaşığı duz
-
1 desert qaşığı zeytun yağı

Servis üçün:
-
Limon dilimləri
Hazırlanma qaydası
Əvvəlcə bir gecə suda saxlanılmış noxudun suyu süzülür. Soğan, sarımsaq və yaşıl soğan xırda doğranır. Daha sonra noxud, göyərti, un, qabartma tozu və bütün ədviyyatlar birlikdə blenderdən keçirilərək vahid kütlə halına salınır.
Hazırlanan qarışığın üzəri örtülərək təxminən 1 saat dincəlməyə qoyulur. Ardınca qarışımdan qoz böyüklüyündə hissələr götürülür, ovuc içində yumrulanaraq kotlet formasına salınır.
Dərin tavada bol yağ qızdırılır və falafellər qızılı rəng alanadək bişirilir. Bişdikdən sonra artıq yağı çəkməsi üçün kağız salfet üzərinə çıxarılır.
Sous üçün bütün ərzaqlar bir qabda qarışdırılaraq hamar konsistensiya alınır.
Falafel tahinli qatıq sousu və limon dilimləri ilə süfrəyə verilir.

