Sumqayıtda 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılmasına başlanılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən “Den.az”-a bildirilib ki, bu məqsədilə hazırda sözü gedən binada bərkitmə işləri davam edir. Təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq. Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək. Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.
Bina sakinləri bildirir ki, artıq onların yaşadığı binaya baxış keçirilib və qısa vaxt ərzində nəticələrin aradan qaldırılması üçün ciddi addımların atılacağı deyilib.
Qeyd dedək ki, binada baş vermiş partlayışda aldığı xəsarətlərdən 47 yaşlı Ramin Əliyev ötən gün müalicə aldığı Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında dünyasını dəyişib. Mərhum Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmilərinin və doğmalarının iştirakı ilə Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Sumqayıt Tibb Mərkəzindən partlayışda xəsarət alan və hazırda ağır vəziyyətdə müalicəsini davam etdirilən yaralılar barədə də məlumat verilib. Bildirilib ki, başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxsin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyəti ağır olaraq qalır.
Sumqayıt şəhər İcra Hakimiyyətindən oda bildirilib ki, hazırda sözü gedən bina və sakinlərin vəziyyəti diqqətdə saxlanılır. Gün ərzində Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları növbəli şəkildə təhlükəsizlik təmin etmək məqsədi ilə xidmət həyata keçirirlər. FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları 19 saylı binaya artıq baxış keçiriblər. Verilən qərardan sonra hansı addımların atılacağı bəlli olacaq...
Nizami Rəsulov
Den.az