15 sentyabrda işğaldan azad olunan Kəlbəcərdə tikilən ilk ümumi təhsil müəssisəsi olan Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün ilk təhsil zəngi çalınıb.
“Denmedia.az” xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bilik Günündə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
İlk dərs günü dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Fuad Bədəlov Kəlbəcərdə ilk təhsil müəssisəsinin fəaliyyətə başlaması həmçinin yeni tədris ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, 2025-2026-cı tədris ilində qarşıda duran məsələlərdən danışıb.
Sonra Bəşir Hacıyev də çıxış edərək bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Kəlbəcər rayonu 1 nömrəli tam orta ümumtəhsil məktəbində 43 şagirddən ibarət 11 sinif təşkil edilib və 14 müəllim burada tədris aparacaq.












