Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkı bayramqabağı xüsusi tərtibatla bəzədilərək sakinlərə əsl Yeni il ovqatı yaşadır.
Denmedia.az xəbər verir ki, Park ərazisi parlaq çılçıraqlar, rəngarəng işıq kompozisiyaları və zövqlə qurulmuş yeni il ağacı tamamilə yenilənib.
Bayramın sevimli siması Şaxta baba parkda uşaqlar və böyüklərlə görüşərək şənlik əhval-ruhiyyəsi yaradıb, xatirə şəkilləri çəkdirilib, gülümsəmələrə səbəb olub. Axşam saatlarında işıqların yaratdığı mənzərə parkı nağılvari məkana çevirib, göz oxşayan görüntü sakinlərin marağına səbəb olub.
Parkı ziyarət edən şəhər sakinləri Yeni il arzularını dilə gətirib, ailə üzvləri və dostları ilə birlikdə bayramın yaxınlaşmasının sevincini bölüşüblər. Xüsusilə uşaqlar üçün yaradılan bayram ab-havası Xırdalanda Yeni ilin gəlişini daha da hiss olunan edib.
Qeyd edək ki, bayram tərtibatı şəhərdə sosial fəallığı artırmaq, sakinlərin asudə vaxtını daha mənalı keçirməsinə şərait yaratmaq baxımından da müsbət qarşılanır. Heydər Əliyev parkı bu günlərdə təkcə istirahət məkanı deyil, həm də bayram sevincinin ünvanına çevrilib.

