Bolt şirkətinin taksi sürücülərinə göndərdiyi bildiriş paytaxtda ciddi çaşqınlıq yaradıb. Bildirişdə yanacaq xərclərinin artması səbəbilə bütün kateqoriyalar üzrə tariflərin 10%-dək artırıldığı qeyd olunub. Məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Şirkət açıqlamasında bu artımın Bakıda fəaliyyət göstərən sürücülərə aid olmadığını bildirsə də, paytaxt taksi sürücüləri analoji bildirişləri aldıqlarını təsdiqləyiblər. Sürücülərdən biri deyib ki, sifarişlərdə minimum məbləğ əvvəl 2,50–2,60 manat olduğu halda, indi 2,70 manat göstərilir. Onun sözlərinə görə, sərnişin yenə də istəsə 3 manat verir, istəməsə vermir və real olaraq ciddi dəyişiklik hiss olunmur.
Digər sürücülər də bildiriş aldıqlarını desələr də, faktiki gedişhaqqında hələlik fərq görmədiklərini bildiriblər. Məsələn, Yasamaldan Güzdəyə sifarişin əvvəlki kimi 8 manat 10 qəpik hesablandığı qeyd olunub.
Bu arada Yango ilə çalışan sürücülər isə belə bir bildiriş almadıqlarını bildiriblər.
Denmedia.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Xəzər TV Bolt şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, son iki gün ərzində sürücülərə məlumat xarakterli SMS-lər göndərilib və 10 fevraldan tarif yenilənməsi qüvvəyə minib. Lakin bu dəyişiklik Bakı, Sumqayıt və Gəncə şəhərlərinə şamil edilmir. Tarif artımı regionlardan asılı olaraq 5–10% arasında dəyişir.
Bolt-da onu da qeyd ediblər ki, bəzi Bakı sürücülərinin bildiriş almasının səbəbi onların tarif artımının tətbiq olunduğu şəhərlərdə qeydiyyatda olmalarıdır.
Yango şirkəti isə hazırda tariflərdə dəyişiklik olmadığını, lakin məsələnin müzakirə mərhələsində olduğunu açıqlayıb.
Ətraflı videomaterialda.

