TƏBİB-in tabeliyində fəaliyyət göstərən 6 tibbi ərazi bölməsini əhatə edən 23 tibb müəssisəsində son 10 ay ərzində 2 976 qadın mammoqrafiya müayinəsindən keçib.
Məlumata görə, artıq 2 815 qadının nəticələri təhlil olunub. Onlardan 421 nəfərdə BI-RADS 3 (xoşxassəli dəyişikliklər, nəzarət tələb olunur), 73 nəfərdə isə BI-RADS 4 (şübhəli dəyişikliklər, biopsiya tövsiyə olunur) kateqoriyası müəyyən edilib.
Hazırda mammoqrafiya müayinələri Sumqayıt Tibb Mərkəzində davam etdirilir. 40–69 yaş arası qadınların sayının yüksək olması nəzərə alınaraq, müayinələrin ilin sonunadək aparılması planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin aprel ayından etibarən 40–69 yaşlı qadınlar üçün mammoqrafiya müayinələri regionlarda səyyar mobil qurğular vasitəsilə həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, döş xərçəngi hər il dünyada 500 mindən çox qadının ölümünə səbəb olur. Erkən diaqnoz isə həyat qurtaran əsas amillərdən biridir.

