16 
noy
2023
22:23
201

Sumqayıtda qazilərin şikayətinə RƏSMİ AÇIQLAMA

16 noy, 2023
22:23
201

Sumqayıtda qazilərin şikayətinə RƏSMİ AÇIQLAMA - FOTO

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsi qazilərin videomüraciətə AÇIQLAMA verdi.

1.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarının 12-ci maddəsinə əsasən kiçik tibb işçisi hesab edilməyən (porterlər və xadimələr) şəxslərə gecə vaxtı yerinə yetirilən işə görə əlavələrin verilməsi 50 faizdən 35 faiz miqdarına endirilmişdir.
Həmin şəxslər TƏBİB-ə də müraciət edib, müvafiq şöbə tərəfindən dinlənilib və onlara geniş izahat verilib. 
2. Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir. Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər icbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb.
Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.
Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.
Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.
Məlumat üçün bildirək ki, qazi və şəhid ailələrinə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələri tərəfindən işə düzəlmə üçün 472  nəfərə sağlamlıq haqqında arayış (Forma-86) ödənişsiz verilib.
Onu da qeyd edək ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Bilriyi"nin Müşahidə Şurasının 18 sentyabr 2023-cü il tarixli 20 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvlərinə tibbi arayışların verilməsi artıq ödənişsiz formada həyata keçirilir.
3. Sumqayıt Tibb Mərkəzi öz işini şəhərimizdə bu istiqamətdə aparılan çoxşaxəli işlərin tərkib hissəsi olaraq, ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə və həmçinin müharibə iştirakçılarına hər zaman böyük diqqət və qayğı göstərir.
Mərkəzin rəhbəri tərəfindən bu kateqoriyadan olan şəxslər növbədənkənar qəbul edilir, müraciətləri dinlənilir və müvafiq köməklik göstərilir.
Belə ki, Sumqayıt Tibb Mərkəzi ümumi olaraq 2022-ci ilin fevral ayından bu günə kimi 5390 nəfər şəhid, qazi və onların ailə üzvlərini və müharibə iştirakçılarına tibbi xidmət göstərilib. Onlardan 1193 nəfəri şəhid ailələrinin üzvləridir.  Tibb müəssisələrinə 852 nəfər stasionar müalicəyə göndərilmiş, 167 nəfər cərrahi əməliyyat olunmuşdur, onlardan 102 nəfər qazi və müharibə iştirakçılarını bel-omba və diz oynaqlarının icbari tibbi sığorta xətti ilə özəl və dövlət tibb müəssisələrində əməliyyatları təşkil edilmişdir. 320 nəfərə KT və MRT müayinələri aparılmış, 30 nəfər böyrək əməliyyatı, 21 nəfərdə ürəyin angioqrafiya müayinəsi olunmuş, 120 nəfər Bakı şəhər Tibbi Reablitasiya Mərkəzinə müalicəyə göndərilmişdir. 500-ə yaxın qazi və şəhid ailəsi psixoloji yardım üçün psixoloqların müalicəsinə cəlb olunublar. Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan çağırışlara əsasən 160 şəhid ailəsinə, 660 isə qazi ailəsinə çağırışlar üzrə yardım göstərilib.
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan mərkəzi aptek tərəfindən 48 nəfər qazi hər ay bütün psixoaktiv preparatlarla təmin olunurlar.
4.  44 günlük müharibə dövründə sərhəd və müharibə bölgələrindən 92 hamilə qadın Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzinə daxil olub, Patologiya şöbəsində tibbi və psixoloji yardım alıb. Doğuşayardım tibb müəssisələrində 250-dən çox qazi və şəhid ailə üzvlərindən olan hamilə qadın və uşaqlara xidmət göstərilib.
Ölkəmizdə icbari tibbi sığorta sistemi tətbiq olunur. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan müəssisələr tərəfindən tam ödənişsiz şəkildə həyata keçirilir.
Bununla bağlı iddialarınızı əsassız hesab edirik və hər hansı bir fakt olarsa, müvafiq araşdırma aparıla bilər.
5. Vətəndaş Əfəndi Balacanovun iddiaları həqiqəti əks etdirmir.  Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova şəhid ailələrinə, qazilərə və bu kateqoriyadan olan şəxsləri növbədənkənar qəbul edir və onların müraciətlərini diqqətlə dinləyir. Həmin şəxslərə müvafiq yadımlar təmin edilir.
Ə. Balacanovun hər hansı bir müraciəti qeydə alınmayıb.
2022-ci ilin bu ilin fevral ayından bu günədək qazi və şəhid ailələrinin üzvləri olan 170 nəfər Mərkəzimiz tərəfindən işlə təmin olunmuşdur. Onlardan – 36 nəfər mühafizə xidmətinə, 17 nəfər təcili tibbi yardım üzrə sürücü, 13 nəfər sanitar porter, digərləri isə həkim, orta və kiçik tibb işçiləridir.
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə, qaziləriməzə, müharibə iştirakçılarına və ailə üzvlərinə göstərilən tibbi xidmət tərəfimizdən bundan sonra da daimi diqqətdə saxlanılacaq və onların müayinə və müalicəsinin təşkili istiqamətində görülən tədbirlər həyata keçiriləcəkdir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar