Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında rəhbərliklə 56 yaşlı Xalidə Yarədovanın ailəsi arasında gərginlik yaranıb. Üç ay əvvəl beyin əməliyyatı keçirən qadın hazırda tam iflic vəziyyətindədir.
Pasiyentin oğlu Elməddin Yarədov iddia edir ki, anasının vəziyyəti tibb personalının səhlənkarlığı səbəbindən ağırlaşıb. Onun sözlərinə görə, açıq beyin əməliyyatından sonra qadında dərin yataq yaraları əmələ gəlib, həmçinin qida borusunda zədələnmə baş verib. Ailə bildirir ki, dövlət xəstəxanası olmasına baxmayaraq, dərman və əməliyyat ləvazimatları üçün 15–20 min manat vəsait xərcləməli olublar.
Əməliyyatı həyata keçirən neyrocərrah Elşən Hüseynzadə isə səhlənkarlıq iddialarını qəti şəkildə rədd edib. O bildirib ki, pasiyentdə həyat üçün yüksək risk daşıyan anevrizma olub.
Pasiyentdə anevrizma var idi və bu xəstəlik həyati təhlükə yaradır. Belə əməliyyatlarda ölüm riski 30 faizdən artıqdır, iflic ehtimalı isə çox yüksəkdir. Bütün risklər ailəyə izah olunub. Xəstədə ağır şəkərli diabet də mövcuddur. Əməliyyat planlı deyil, beyin qanaxmasına görə təcili icra olunub.
Həkim əlavə edib ki, ağırlaşmaların qarşısını almaq üçün xüsusi yataq yarası əleyhinə döşəklərdən istifadə edilib, lakin yanaşı xəstəliklər və uzunmüddətli hərəkətsizlik bərpa prosesini çətinləşdirir.
Jurnalistlərin xəstəxananın baş həkimi Elçin İbrahimov və direktor Fərhad Həsənovdan mövqe almaq cəhdləri nəticəsiz qalıb. Ailə isə tibb personalının fəaliyyətinin və saxlanma şəraitinin hərtərəfli araşdırılmasını tələb edir.
Ətraflı Xəzər TV-nin videomaterialında:

