Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Qalubiyyə küçəsində nəqliyyatın hərəkəti ilə bağlı ciddi problem yaşanır.
Denmedia.az xəbər verir ki, xüsusilə marşrutdan istifadə edən avtobus sürücüləri yoldakı mövcud vəziyyətdən narazılıq edirlər.
Sürücülərin sözlərinə görə, bir gediş, bir gəliş olmaqla dar hərəkət hissəsinə malik küçənin hər iki tərəfində avtomobillərin saxlanılması nəqliyyatın sərbəst hərəkətini demək olar ki, mümkünsüz edir.
Avtobus sürücüləri bildirirlər ki, günün əksər saatlarında küçədə yaranan sıxlıq səbəbindən həm onlar, həm də sərnişinlər mənzil başına vaxtında çata bilmirlər. Bəzən qarşıdan gələn nəqliyyat vasitəsi ilə üz-üzə qaldıqda uzun müddət gözləməli olurlar ki, bu da marşrut qrafikinin pozulmasına, sərnişinlərin isə narazılığına səbəb olur.
Sürücülərin sözlərinə görə, problem təkcə avtobusların deyil, digər avtomobillərin də hərəkətinə maneə yaradır. Küçədə avtomobillərin nizamsız şəkildə yolun kənarında saxlanılması onsuz da ensiz olan yolu daha da daraldır və nəticədə hərəkət iflic vəziyyətinə düşür. Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, sözügedən ərazidə mütəmadi olaraq reydlər keçirilir, sürücülərlə maarifləndirici söhbətlər aparılır. Lakin qurumdan qeyd olunub ki, Qalubiyyə küçəsində “dayanma-durma qadağandır” yol nişanlarının olmaması bəzi sürücülərin qaydalara məhəl qoymamasına şərait yaradır.Həmin küçədə zəruri yol nişanlarının quraşdırılması məsələsi ilə bağlı aidiyyəti qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət olunub və bu barədə rəsmi bildiriş göndərilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, əraziyə baxış keçiriləcək. Aidiyyəti qurumla razılaşdırılmaqla qadağanedici nişanların quraşdırılması məsələsinə baxılacaq.






