Bakıda ilk dəfə avtobusların hərəkətini tənzimləmək üçün xüsusi işıqforlar quraşdırılacaq.
Denmedia.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimai nəqliyyat sürücüləri üçün yeni işıqforların istifadəsi qaydalarını izah edib.
Məlumata görə, hazırda paytaxtda avtobus sürücülərinin yeni sistemlə tanış olması üçün maarifləndirici iş aparılır. Bu çərçivədə onlara xüsusi işıqforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkətə icazə verilən istiqamətlər barədə məlumat verilir.
Qeyd olunub ki, sürücülərin yeni siqnalları daha yaxşı mənimsəməsi üçün xüsusi infoqrafik yaddaş vərəqi də hazırlanıb.
Həmin yaddaş materialı vasitəsilə avtobus sürücüləri işıqfor siqnallarının işarələri və onlara uyğun hərəkət qaydaları ilə əvvəlcədən tanış ola biləcəklər.

