NATO-nun Baş katibi Mark Rutte alyansa üzv ölkələri mümkün müharibəyə yalnız hərbçiləri deyil, mülki əhalini də hazırlamağa çağırıb.
Denmedia.az NATO-nun rəsmi məlumatına istinadən xəbər verir ki, Rutte bu barədə noyabrın 23-də Berlində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxış edərkən danışıb.
Baş katib bildirib ki, mümkün hərbi münaqişə zamanı ölkələrin əsas həyati təminat sistemlərinin fasiləsiz fəaliyyət göstərməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, elektrik enerjisi və istilik təchizatı, xəstəxanalar, nəqliyyat və rabitə sistemləri hətta müharibə şəraitində də işlək vəziyyətdə saxlanılmalıdır.
Rutte vurğulayıb ki, buna nail olmaq üçün yalnız silahlı qüvvələrin və dövlət qurumlarının hazırlığı kifayət deyil. Biznes strukturları, müxtəlif təşkilatlar, yerli icmalar və vətəndaşlar da təhlükəsizlik tədbirlərinə cəlb olunmalıdır.
NATO rəhbəri Norveç, İsveç, Danimarka və Finlandiyanı bu sahədə digər üzv ölkələr üçün nümunə göstərib. Onun sözlərinə görə, həmin dövlətlər mümkün müharibə zamanı vətəndaşların necə davranmalı olduqları barədə maarifləndirmə aparır, polis, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri arasında koordinasiyanı gücləndirirlər.
Rutte mülki hazırlığın artırılmasının və həyati əhəmiyyətli infrastrukturun qorunmasının NATO ölkələrinin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.

