İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Cəbəl Amuli növbəti dəfə Azərbaycana dair iddiaları ilə gündəmə gəlib. O, İran-İsrail müharibəsi dövründə azərbaycanlı bir şəxsin ona zəng edərək İranın qələbəsi üçün nəzir dediyini bildirib. Amuli həmçinin başqa bir azərbaycanlının yanına gələrək Qasım Süleymaninin onun hansı çiyninə əl qoyduğunu soruşduğunu, cavab aldıqdan sonra isə həmin çiyni öpdüyünü söyləyib.
Amulinin bu çıxışını necə dəyərləndirmək olar?
DenMedia.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, İranda mövcud olan xüsusi qüvvələr və şəxslər zaman-zaman iki ölkə arasında nifaq, düşmənçilik hisslərini nümayiş etdirirlər:

Xəyal Bəşirov
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim üçün vacib olan İranın əyalət mollalarının deyil, rəsmi şəxslərin, yəni prezidentin və xarici işlər nazirinin mövqeyidir:
“Məhz bu şəxslərin mövqeyində biz belə bəyanatların şahidi olmuruq. Yəni səslənən fikirlər həmin əyalət mollalarının və İranda fəaliyyət göstərən bəzi antiazərbaycan qüvvələrinin şəxsi mövqeyidir. Belə yanaşma zamanla əhəmiyyətini itirəcək, özləri kimi aradan qalxacaq. Çünki İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra dəfələrlə bu cür bəyanatlar səslənib, lakin onların heç biri Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni reallıqlara təsir göstərə bilməyib və göstərə də bilməyəcək”.
X.Bəşirov bildirib ki, indiki məqamda Amulinin söylədikləri təsadüf deyil:
“Çünki Azərbaycan artıq sülh sazişinin mətnini paraflayıb və Cənubi Qafqazda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində konkret addımlar atır. Bu, məhz bəzi qüvvələrin qəbul edə bilmədiyi, “qırmızı xətt” adlandırdığı layihədir. Onların narazılığı və nifrəti də buna yönəlib. Lakin İkinci Qarabağ müharibəsindən sonra baş verən bütün proseslər Bakının şərtləri və diktəsi ilə reallaşır. Bu cür bəyanatlar və cəhdlər isə hər dəfə uğursuzluğa düçar olur. Bu gün oxşar fikirləri təkcə İrandan deyil, bəzən Rusiyadan və digər regionlardan da eşitmək mümkündür. Lakin bu, bizi narahat etmir, çünki Azərbaycan üçün əsas olan rəsmi mövqedir. Hazırda Bakı sözügedən məsələləri, şəxsləri ciddi qəbul etmir və xüsusi narahatlıq doğuracaq səviyyədə qiymətləndirmir”.

