31 
avq
2023
15:30
149

Arutyunyanın istefası nə vəd edir və Şahramanyan kimin adamıdır?

31 avq, 2023
15:30
149

Arutyunyanın istefası nə vəd edir və Şahramanyan kimin adamıdır?

Bir neçə gündür Qarabağdakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verəcəyi ilə bağlı iddialar dolaşsa da, o, bu gün özünün sosial şəbəkə hesabında istefa verdiyini açıqlayıb. Arutyunyanın istefası ətrafında müxtəlif fikirlər dolaşmağa, proqnozlar verilməyə başladı. Yerinə hələlik təyinat olmasa da, erməni mediasında yayılan xəbərdə onu Samvel Şahramanyanın əvəzləyəciyi iddia edilib. 

Den.az bildirir ki, Qaynarinfo Araik Arutyunyanın istefasının arxasında duran səbəbləri, bu istefanın seperatçıların gələcək fəaliyyətinə, Azərbaycnala münasibətlərinə necə təsir göstərəcəyi və s. məsələləri politoloq Azər Qasımovla müzakirə edib.

Azər Qasımovun fikrincə, bu istefadan görünən odur ki, Arutyunyan bundan sonra Qarabağ ermənilərinin başında dayanmağın mənasız olduğu qənaətinə gəlib: 

"Arutyunyanın istefası xəbərləri xeyli vaxt idi yayılırdı. O, 44 günlük müharibənin əsas idarəedicilərindən olub. Azərbaycan onu beynəlxalq axtarışa verib. Onun Qarabağda olan əmlakını satdığı və ya satmağa çalışdığı xəbərləri də yayılmışdı. Prezident İlham Əliyev separatçıların Azərbaycan vətəndaşlığını qəbul etməsi durumunda əfv ediləcəyini bəyan etmişdi. Arutyunyanın istefası onu göstərir ki, Azərbaycan vətəndaşlığını qəbul etmək, separatçı qurumun son akkordlarında iştirak etmək istəmir və Qarabağdan qaçmaq istəyir”. 
 


"Arutyunyanın istefasının Azərbaycanın qələbəsini qəbul etdiyini, bunun üçün savaşmağın mənasız olduğunu anladığını demək olarmı” sualına cavab verən Azər Qasımov bildirib ki, bu, onların qaçılmaz taleyidir:

"Qəbul etsələr də, etməsələr də, Azərbaycanın tələblərinə razı olmaqdan başqa yolları yoxdur. Azərbaycanla yenidən müharibə ritorikası ilə danışmaq üçün axmaq olmaq lazımdır. Əminəm ki, onlar da bunu yaxşı başa düşürlər. Hesab edirəm ki, əslində, Araikin istefasının kökündə Azərbaycanın tələbinə uyğun olaraq yerli Qarabağ erməniləri ilə danışıq aparmaq tələbi dayanır. Araik də bunu edib. İstefa verib və yerini Qarabağ ermənisinə təhvil verməyi planlaşdırır”. 

Arutyunyanın yerinə Samvel Şahramanyanın gətiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirən Azər Qasımov qeyd edib ki, Rusiyanın onun istefasında maraqlı olduğunu qəbul etsək də, hesab etmək olar ki, yerinə gələcəyi iddia edilən Samvel Şahramanyan neytral adamdır: 

"Bu da onu deməyə əsas verir ki, Arutyunyan "hakimiyyəti" Vardanyan və ya ona yaxın adama verməyib. 1978-ci il təvəllüdlü Şahramanyan Xankəndi doğumludur. O, separatçı rejimdə "milli təhlükəsizlik xidməti"nin direktoru və "hərbi vətənpərvərlik və turizm" naziri olub. General-mayor rütbəsi daşıyır. 2023-cü il yanvarın 16-dan "təhlükəsizlik şurası"nın katibi vəzifəsini daşıyır. Şahramanyan heç bir komandaya aid edilməsə də, Bako Saakyanla yaxın olduğu deyilir”.

"Hər zaman  özünün Rusiyapərəst mövqeyini açıq-aşkar ortaya qoyan qondarma "rəhbərin” istefasında Rusiya niyə maraqlı olsun” sualına cavab verən Azər Qasımov deyib ki, kimin orda olmasından asılı olmayaraq, Kreml Qarabağ erməniləri üzərində həmişə söz sahibi olub:

"Rusiya Vardanyan layihəsini işə salandan Arutyunyanın istefasını istəyirdi ki, kadrı onun yerinə gətirsin. Rusiyanın Qarabağ ermənilərinin üzərində söz sahibi olmasında isə tək siyasi motivlər yox, maddi qazanc da rol oynayıb. Qarabağ separatçıların öz qazancları naminə vəzifə davası etmələri xəbərləri dəfələrlə yayılıb. Araikin də Qarabağda böyük maddi maraqları var. Bu baxımdan hesab etmək olar ki, Araik və ya qeyrisi nə qədər rusiyapərəst olsalar da, öz maddi maraqları naminə hər şeyə getməyə hazırdırlar. Rusiya da daha çox onun marağını müdafiə edən fiqur axtarışında olub”.

"Bu istefa Azərbaycanla münasibətlərə necə təsir edəcək” sualına cavab verən politoloq deyib ki, Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi yoxdur:

"Azərbaycan üçün Qarabağ məsələsi artıq həll edilmiş məsələdir. Qarabağ ermənilərinin başına gələcək şəxs kim olursa-olsun, ümid edək ki, öz soydaşlarının taleyinə biganə olmayacaq. Azərbaycanın şərtlərini qəbul edib, bundan sonra normal şəkildə həyatlarını sürdürəcəklər. Əks təqdirdə başlarına gələcəklər məlumdur. Azərbaycan dövləti bu dövrdən sonra öz ərazisində heç bir qanunsuz qurum və hərbi birləşmələrin mövcudluğuna dözməyəcək”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar