Şəmkir rayonunda iki ay əvvəl törədilmiş qəsdən adamöldürmə hadisəsi açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumata görə, ötən ilin 23 dekabr tarixində Şəmkir rayon prokurorluğuna rayon sakini Solmaz Dadaş qızı Mahmudovanın (1957-ci il təvəllüdlü) zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə məlumat daxil olub.
Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Solmaz Mahmudova qəsdən Arzu Mahir oğlu Həmidli (1996-cı il təvəllüdlü) tərəfindən öldürülüb.
Şübhəli şəxs qismində Arzu Həmidli saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adamöldürmə) üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

