“Azərbaycan Hava Yolları” QSC Rusiyaya səfər planlaşdıran vətəndaşlara mühüm müraciət edib.
Məlumatda bildirilir ki, Azərbaycanda cinayət tərkibi yaratmayan üzərlik (qarmala) bitkisinin Rusiya ərazisinə aparılması ciddi cinayət məsuliyyəti doğura bilər.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə əsasən, narkotik və psixotrop maddələrin və ya onların analoqlarının dövlət sərhədindən qanunsuz keçirilməsinə görə 3 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Cəzanın müddəti maddənin həcmi və ağırlaşdırıcı hallardan asılıdır. Qanunvericilikdə həmçinin 1 milyon rubladək cərimə tətbiqi də mümkündür.
AZAL vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri daşımamağı tövsiyə edib və xaricə çıxmazdan əvvəl təyinat ölkəsinin qanunvericiliyi və gömrük qaydaları ilə tanış olmağın vacibliyini vurğulayıb.

