Ucar Rayon Mərkəzi Xəstəxanasında xəstələrin tibbi müayinədən keçirilmədən onlara müayinə nəticələrini əks etdirən arayışların verildiyi iddia olunur.
Bu barədə Denmedia.az-ın qaynar xəttinə şikayət daxil olub.
Ucar Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi iddia olunan vəziyyət səhiyyədə yeni və olduqca “sürətli” xidmət modelinin tətbiq edildiyi təəssüratı yaradır: xəstə həkim müayinəsindən keçmir, lakin sənədlərdə bütün müayinələr artıq tamamlanmış görünür.
Redaksiyaya daxil olan məlumata görə, xəstəxanaya müraciət edən şəxslərdən birinə faktiki olaraq tibbi müayinə aparılmadığı halda, guya bütün müayinələrdən keçdiyini göstərən arayış təqdim edilib.
Burada isə ciddi suallar yaranır: Müayinə olunmayan xəstənin sağlamlıq vəziyyəti necə müəyyənləşdirilib? Diaqnoz hansı tibbi əsaslarla qoyulub? Arayışda qeyd olunan müayinələrin nəticələri haradan əldə edilib?
Məsələyə yumorla yanaşsaq, görünür, Ucar Rayon Mərkəzi Xəstəxanasında tibbin yeni “uzaqdan diaqnostika” modeli sınaqdan keçirilir. Xəstə kabinetə daxil olmadan analizlər hazır, müayinələr tamam, nəticələr isə kağız üzərində “mükəmməl” vəziyyətdədir.
Əgər bu iddialar təsdiqini taparsa, söhbət yalnız bir xəstənin narazılığından yox, tibbi sənədləşmənin düzgün aparılması və vətəndaşlara tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi suallardan gedir.
Bu səbəbdən TƏBİB-in məsələyə münasibət bildirməsi və Ucar Rayon Mərkəzi Xəstəxanasında belə bir halın baş verib-vermədiyini araşdırması vacibdir.
TƏBİB, sual sadədir: xəstə müayinə olunmayıbsa, müayinənin nəticələri necə “hazır” olub?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...


Nizami Rəsulov
Denmedia.az

