Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Sohail Mahmud iştirakçısı olduğu Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının WUF13 yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, forum çərçivəsində aparılan müzakirələrin məzmunlu və faydalı olduğunu qeyd edib.
Tərəflər Azərbaycan və D-8 təşkilatı arasında əməkdaşlığın aktual gündəliyini müzakirə ediblər. Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin regional və qlobal təhlükəsizlik məsələlərinə toxunulub. Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

