ABŞ Prezidenti Donald Tramp iyun ayında Azərbaycan və Ermənistan arasında sülh məsələsi üzrə məhsuldar danışıqları səbirsizliklə gözlədiklərini bildirib.
Bu fikir ABŞ Prezidentinin Bakı Enerji Həftəsinin başlanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
Məktubda Tramp Azərbaycan xalqını 31-ci Bakı Enerji Həftəsinin keçirilməsi münasibətilə təbrik edib və bu tədbiri Azərbaycanın enerji təhlükəsizliyi sahəsində liderliyinin göstəricisi kimi qiymətləndirib.
ABŞ lideri qeyd edib ki, iki ölkə arasında karbohidrogenlər sahəsində uzunmüddətli əməkdaşlıq tarixi var və tərəflər əlçatan, etibarlı enerjinin təmin olunmasına sadiqdirlər.
“Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sektorunun qətiyyətli tərəfdarıdır və əminəm ki, qlobal enerji təhlükəsizliyi sahəsində tərəfdaşlığımızın əhəmiyyəti yaxın illərdə daha da artacaq”, deyə məktubda bildirilib.
Tramp həmçinin Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə doğru mühüm addım atıldığını vurğulayıb.
O qeyd edib ki, regional enerji inteqrasiyası 8 avqustda baş tutmuş tarixi sülh sammitinin əsas elementlərindən biridir.
“Administrasiyam iyun ayında bu məsələ üzrə məhsuldar müzakirələri səbirsizliklə gözləyir”, deyə ABŞ Prezidenti bildirib.
Məktubda həmçinin qeyd olunub ki, ABŞ və Azərbaycan birlikdə sülhü irəli aparacaq, rifahı gücləndirəcək və region, eləcə də dünya üçün daha etibarlı gələcək qurmağa çalışacaq.

