Azərbaycan Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji və çoxşaxəli xarakter aldığını göstərir. Prezidentin Daşkənd və bütövlükdə Özbəkistanın sürətli inkişafını xüsusi vurğulaması, ilk növbədə, iki ölkənin inkişaf modelində və dövlətlərarası münasibətlərində formalaşan qarşılıqlı etimadın göstəricisidir. İlham Əliyev Şavkat Mirziyoyevin rəhbərliyi dövründə Özbəkistanda həyata keçirilən islahatları, iqtisadiyyatın şaxələndirilməsini, sənaye və kənd təsərrüfatının inkişafını, energetika və nəqliyyat infrastrukturunun modernləşdirilməsini ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinin əsas amilləri kimi qiymətləndirib.
Bu baxımdan, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə mühüm məqamlardan biri Özbəkistanın son illərdə dəyişən iqtisadi və investisiya mühitinə verdiyi qiymətdir. Şavkat Mirziyoyevin hakimiyyətə gəldiyi dövrdə mövcud vəziyyətlə bugünkü Özbəkistan arasında ciddi fərqin yarandığını bildirən İlham Əliyev ölkənin iqtisadi əsaslarının formalaşdırılması, sənayenin və kənd təsərrüfatının şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi istiqamətində görülən işləri xüsusi qeyd edib. Bu yanaşma Azərbaycan–Özbəkistan əməkdaşlığının iqtisadi tərəfinin təsadüfi deyil, hər iki ölkədə aparılan islahatların və yaradılan əlverişli biznes mühitinin nəticəsi olduğunu göstərir.
İki ölkə arasında iqtisadi əlaqələrin gələcək perspektivlərini müəyyən edən əsas hədəflərdən biri ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. Prezident İlham Əliyevin sözlərindən də göründüyü kimi, bu hədəf artıq uzaq perspektivli arzu deyil, real iqtisadi imkanlara əsaslanan nəticə kimi qiymətləndirilir. Əvvəllər iki ölkə arasında birgə layihələrin olmadığı halda, bu gün qarşılıqlı investisiyaların, müştərək müəssisələrin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Enerji, nəqliyyat, turizm, bankçılıq, avtomobil sənayesi, dağ-mədən sənayesi, kənd təsərrüfatı və emal sektoru üzrə layihələr iqtisadi əlaqələrin çoxşaxəli xarakterini ortaya qoyur. SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarına, Azərbaycan banklarından birinin isə Özbəkistan bazarına daxil olması bu prosesin konkret nümunələrindəndir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm istiqaməti enerji sektorudur. Neft-qaz kəşfiyyatı ilə bağlı layihələrin artıq son mərhələyə çatması və gələn il istismar quyularının qazılmasına başlanmasının gözlənilməsi enerji sahəsində tərəfdaşlığın strateji əhəmiyyətini artırır. Bununla yanaşı, investisiya fondunun formalaşdırılması, Azərbaycan və Özbəkistan şirkətlərinin müxtəlif sahələrdə qarşılıqlı investisiyaları və yeni layihələrin reallaşdırılması iqtisadi münasibətlərin institusional əsaslarını möhkəmləndirir. İlham Əliyevin vurğuladığı kimi, investisiyanın əsas şərtlərindən biri əlverişli biznes mühitidir və Özbəkistanda aparılan islahatlar bu baxımdan Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır.
Münasibətlərin iqtisadi çərçivədən daha geniş olduğunu göstərən mühüm istiqamətlərdən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı və bu prosesdə Özbəkistanın xüsusi roludur. Prezident İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşdığını qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra bu coğrafiyada qarşılıqlı əlaqələrin genişlənməsi yeni nəqliyyat, logistika, ticarət və investisiya imkanları yaradıb. Bu baxımdan Bakı ilə Daşkənd arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional inteqrasiya prosesləri üçün də mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyəti isə onların yalnız iqtisadi maraqlara deyil, həm də güclü mənəvi və tarixi bağlara söykənməsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, iki ölkə arasındakı münasibətlər həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu yaxınlığın ən konkret ifadələrindən biri Özbəkistanın Qarabağın bərpası prosesində göstərdiyi qardaşlıq dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin Özbəkistan tərəfindən inşa edilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və Qarabağda digər layihələrin planlaşdırılması bu dəstəyin praktik nümunələridir. Qarabağda ilk böyük sənaye müəssisəsinin də Özbəkistanla əlaqəli olması iki ölkə arasındakı münasibətlərin yalnız siyasi bəyanatlarla deyil, real layihələrlə möhkəmləndiyini göstərir.
23 avqust səfərinin siyasi əhəmiyyətini artıran mühüm hadisələrdən biri Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi olub. Eyni zamanda, prezidentlərin qarşılıqlı şəkildə ali dövlət təltiflərinə layiq görülməsi münasibətlərin yüksək səviyyəsini simvolik şəkildə ifadə edib. Şavkat Mirziyoyevin İlham Əliyevi Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi, Azərbaycan Prezidentinin isə Özbəkistan dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi iki lider arasında siyasi etimadın və qarşılıqlı hörmətin göstəricisidir. Səfər çərçivəsində çoxsaylı sənədlərin imzalanması və yeni layihələrin təməlinin qoyulması isə siyasi dialoqun praktiki nəticələrlə tamamlandığını nümayiş etdirir.
Bütövlükdə, 23 avqust dövlət səfərinin nəticələri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əlaqələr artıq yalnız prezidentlər və hökumətlər səviyyəsində siyasi dialoqla məhdudlaşmır; regionlararası əməkdaşlıq, qarşılıqlı investisiyalar, sənaye, enerji, nəqliyyat, turizm, bankçılıq, kənd təsərrüfatı və humanitar sahələr üzrə konkret layihələrlə zənginləşir. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumu da bu prosesin mühüm hissəsidir. Qarşıda dəqiq fəaliyyət planının olması, layihələrin maliyyə və investisiya mexanizmləri ilə təmin edilməsi və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi göstərir ki, Bakı–Daşkənd münasibətləri gələcəkdə həm iki ölkənin iqtisadi inkişafına, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geoiqtisadi əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi isə bu strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını və qarşıdakı mərhələdə yeni siyasi və iqtisadi təşəbbüslərlə zənginləşəcəyini göstərir.
Şəfa Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru