İran hazırda ABŞ-dən bu yay imzalanmış qarşılıqlı anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan ordusunun baş komandanı Asim Munirlə görüşündə bildirib.
“Mehr” agentliyinin məlumatına görə, Qalibaf deyib:
“Biz İslamabad memorandumunun şərtlərinin həyata keçirilməsinə çalışırıq. Öz öhdəliklərini məhz ABŞ yerinə yetirməlidir”.
İran parlamentinin sədri, həmçinin ABŞ-nin Tehrana təzyiq göstərmək cəhdlərinin uğur qazanmayacağını vurğulayıb.
Asim Munir İrana səfəri çərçivəsində ölkə Prezidenti Məsud Pezeşkianla da görüşüb. “Press TV”nin məlumatına görə, Pezeşkian bildirib ki, ABŞ danışıq tonunu dəyişməlidir və hədə-qorxu cəhdləri vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək.
Qeyd olunur ki, Asim Munir son aylarda ABŞ ilə İran arasındakı münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi rolunu yerinə yetirir.

