Nevroloq Aleksandr Zubkov və dietoloq Lona Sandon beyin sağlamlığı üçün ən faydalı səhər yeməyi məhsullarını sadalayıblar.
Mütəxəssislərin Parade nəşrinə verdiyi məlumata görə, səhər yeməyində yumurta xüsusilə faydalı seçimdir. Zubkovun sözlərinə görə, yumurta xolinlə zəngindir və bu maddə yaddaş, diqqət və öyrənmə proseslərində iştirak edən neyromediatorların yaranmasında rol oynayır.
Həkim yumurtaya yarpaqlı göyərti əlavə etməyi də tövsiyə edib. Belə məhsullar fol turşusu və K vitamini ilə zəngin olduğundan sinir hüceyrələrinin qorunmasına kömək edə bilər.

Zubkovun digər tövsiyəsi avokadodur. Onun fikrincə, avokado yeməyin toxluq hissini artırır və lif, yağlar, antioksidantlarla təmin edir.
Dietoloq Lona Sandon isə yumurtaya ispanaq əlavə etməyi məsləhət görür. İspanaqdakı lutein və zeaksantin oksidləşdirici stressə qarşı qoruyucu təsir göstərə bilər.
Səhər yeməyinə losos əlavə etmək də omeqa-3 yağ turşularının qəbulunu artırır ki, bu da həm ürək, həm də beyin sağlamlığı üçün faydalıdır.
Mütəxəssislərin digər seçimi isə qoz-fındıqla yunan yoqurtudur. Yunan yoqurtu zülal və probiotiklərlə, qoz-fındıq isə omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir.

