ABŞ gələcəkdə mikrosxem idxalından imtina edə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp WABC radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədə hazırda dünyanın ən böyük çip istehsalı zavodları tikilir və onların əsas hissəsi Arizona ştatında yerləşəcək.
“Çipləri ölkəmizə geri qaytarırıq. Bizdə çip yox idi, onları bizdən alıb Tayvana verdilər. İndi bütün şirkətlər geri qayıdır. Dünyanın ən böyük çip zavodlarını tikirik, əsasən Arizonada. Artıq çip idxal etməyə ehtiyacımız olmayacaq”, – Tramp deyib.
ABŞ Prezidenti həmçinin ölkənin dərman və tibbi avadanlıq idxalından asılılığını azaltmaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, Eli Lilly, Pfizer və Merck kimi iri şirkətlər ABŞ-da yeni müəssisələr tikirlər. Tramp bunu qismən xaricdə istehsalı daha az sərfəli edən tarif siyasəti ilə əlaqələndirib.

