Kasnı (hindiba) içkisinin böyrək daşı olan insanlar üçün təhlükəli ola biləcəyi bildirilib.
Həkim Svetlana Kanevskaya “Çempionat”a açıqlamasında deyib ki, kasnı böyrək daşlarının hərəkətə gəlməsinə, axarların tutulmasına və kəskin sancı tutmasına səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, ambroziya, çobanyastığı, xrizantema və ya kalendulaya allergiyası olan şəxslərdə kasnı səpki və ağır allergik reaksiya yarada bilər.
Həkimin sözlərinə görə, hətta sağlam insanlarda belə kasnının əsas aktiv maddələrindən olan inulinin gündəlik miqdarı 10–15 qramı keçməməlidir. Əks halda köp, spazm və qaz yaranması ehtimalı artır.

Qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə isə reaksiya daha aşağı dozada baş verə bilər və güclü qarın ağrısı yarana bilər.
Kanevskaya hamilə qadınlara da ehtiyatlı olmağı tövsiyə edib. Onun sözlərinə görə, kasnı uşaqlığın tonusunu artıra və düşüklə bağlı risk yarada bilər. Süd verən qadınlar üçün də təhlükəsizliyi barədə kifayət qədər etibarlı məlumat olmadığı üçün ehtiyatlı olmaq məsləhətdir.
Kasnının, həmçinin qan şəkərini aşağı salan təsiri var. Buna görə diabet dərmanları və ya insulinlə birlikdə istifadə edildikdə preparatların təsiri güclənə və qan şəkəri təhlükəli dərəcədə enərək hipoqlikemiyaya səbəb ola bilər.

