Xaçmazda 58 yaşlı kişi qızının sevgilisini parkda döyərək şüşə parçası ilə yaralayıb.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, ad və soyadı şərti olaraq Mail Mansurov kimi göstərilən 1968-ci il təvəllüdlü şəxs qızı Humay boşandıqdan sonra onunla birlikdə yaşamağa başlayıb.
Bir müddət sonra Humay Taleh adlı evli kişi ilə tanış olub və onların arasında münasibət yaranıb. Daha sonra qadının övladı dünyaya gəlib.
Mail Talehdən uşağı öz övladı kimi qəbul etməsini tələb edib. Lakin kişi bundan imtina edərək Humayla münasibətini bitirmək qərarına gəlib. Qadın isə atasının mövqeyi ilə razılaşmayaraq Talehlə görüşməyə davam edib.
Bu vəziyyətdən narazı qalan Mail cütlüyü izləməyə başlayıb.
Hadisə günü Humay və Talehin parka getdiyini görən kişi onların ardınca gedib. Parkda Talehə yaxınlaşan Mail onu əl və ayaqları ilə döyüb.
Daha sonra parkdakı çayxanadan külqabı götürərək sındırıb və şüşə parçası ilə Talehi yaralayıb.
Hadisə yerinə gələn polis əməkdaşları Mail Mansurovu saxlayıblar. Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
Rayon məhkəməsinin hökmü ilə 58 yaşlı kişi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

