Tailandın cənubunda eyni gecədə 50-dən çox koordinasiyalı yandırma və yandırıcı qurğularla hücum qeydə alınıb.
Bangkok Postun məlumatına görə, hadisələr yerli vaxtla şənbə günü 20:00-dan gecə yarısınadək Narathivat, Yala və Pattani əyalətlərində baş verib. Hücumların böyük hissəsi Narathivatda qeydə alınıb.
Tailand ordusu bildirib ki, hücumların məqsədi bölgədə vəziyyəti destabilizasiya etmək olub.
Hadisələr nəticəsində iki qadın yaralanıb. Onlar Narathivatın rayonlarından birində bombanın partlaması zamanı xəsarət alıblar.
Hücumların hədəfləri arasında yerli administrasiya binası, mağaza, oğurlanmış avtomobil və telekommunikasiya qüllələri olub.
Hadisələrdən sonra təhlükəsizlik qüvvələri sakinlərə şübhəli əşyalara yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Narathivatda müvəqqəti komendant saatı tətbiq olunub, daha sonra bazar günü səhər ləğv edilib.
Tailand hökuməti ilə ölkənin cənubundakı silahlı separatçı qruplar arasında qarşıdurma 70 ildən çoxdur davam edir. Xüsusilə 2004-cü ildən etibarən silahlı toqquşmalar yenidən intensivləşib.
Separatçılar Pattani, Yala və Narathivat əyalətlərini əhatə edən bölgənin ayrılaraq müstəqil dövlətə çevrilməsini istəyirlər.

