Başlarda bir çoxları bunun sadəcə keçici bir həvəs olduğunu düşünmüş, iki məşhur ismin ilk baxışdan qeyri-adi görünən münasibətinə inanmaqda çətinlik çəkmişdi. Ancaq aylar deyil, illər keçdi və əfsanəvi müğənni Cher ilə tanınmış musiqi prodüseri arasındakı münasibət hələ də möhkəm şəkildə davam edir.

Buna baxmayaraq, Cher-in yaxın ətrafından gələn son məlumatlar narahatlıqları artırıb. Bu dəfə qorxular onun özündən xeyli gənc sevgilisinin şan-şöhrətini və sərvətini istifadə etməsi ilə bağlı deyil.
2026-cı il Grammy Mükafatları mərasimində səhnəyə çıxan və Ömür Boyu Nailiyyət Mükafatı ilə təltif olunan Cher, mükafatını aldıqdan sonra gecənin əsas nominasiyalarından biri olan “İlin Qeydi” mükafatını təqdim edib. Lakin zərfi açarkən qalibin 2005-ci ildə vəfat etmiş əfsanəvi sənətçi Luther Vandross olduğunu elan etməsi diqqət çəkib. Əslində mükafat Kendrick Lamar və SZAnın Vandrossa ithaf etdiyi “Luther” adlı mahnıya verilib.

Cher vəziyyəti yumşaltmağa çalışsa da, bu səhv və mərasim boyunca yorğun, çaşqın görünüşü pərəstişkarlarını narahat edib. Bəzi çevrələrdə onun irəliləyən yaşı ilə bağlı sağlamlıq problemləri, hətta demensiya ehtimalı belə müzakirə olunmağa başlayıb.
Məlumata görə, son albomunu hazırlamaq istəyən Cher bu “vida albomu” üzərində işləyərkən özünü həddindən artıq yükləyib və bu da yaxınlarının sağlamlığı ilə bağlı qorxularını artırıb.
Bundan əlavə, 2022-ci ildən birlikdə olduğu, özündən 40 yaş kiçik sevgilisi Alexander Edwardsun tempinə ayaq uydurmağa çalışmasının da onu fiziki və emosional cəhətdən yorduğu bildirilir. Yaxınları Cher-in bu münasibətdə özünü həddindən artıq fədakarlığa məcbur etdiyini düşünür.

Cütlük 2022-ci ilin sentyabrında Paris Moda Həftəsində tanış olub. Cher həmin ilin noyabrında münasibətini sosial mediada açıqlayaraq “Mənə kraliça kimi davranır” sözlərini paylaşmışdı. 2023-cü ildə qısa ayrılıq yaşansa da, onlar yenidən bir araya gəlib və münasibətlərini davam etdiriblər.
Cher hər nə qədər xoşbəxt olduğunu desə də, başda övladları olmaqla yaxın çevrəsi bu münasibətə ehtiyatla yanaşır və məşhur müğənninin özünü həddindən artıq yormasından ciddi şəkildə narahatdır.

