Musiqi səhnələrinin ulduz adı və vəzifədə olduğu müddətdə yaraşığı ilə ad çıxaran keçmiş baş nazir nəhayət, qırmızı xalçaya da əl-ələ çıxaraq sevgilərini elan etdi. Məşhur müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trüdo münasibətlərini bir üst mərhələyə daşıyıblar.
Təxminən bir ilə yaxındır birlikdə olan və sevgiləri ilə hər kəsi təəccübləndirən yeni cütlük dünən axşam Tribeca Film Festivalının qırmızı xalçasına əl-ələ çıxaraq münasibətlərini artıq tamamilə rəsmiləşdiriblər. Məşhur sevgililərin əl-ələ qatıldığı film qalası da onlar üçün olduqca xüsusi olub.
Cütlük dünən axşam 2026 Tribeca Film Festivalı çərçivəsində təşkil olunan “Katy Perry: The Lifetimes Tour – Live from Paris” konsert sənədli filminin dünya premyerasında Nyu-Yorkda qırmızı xalçada ilk dəfə birlikdə görünüb. Keti Perri ağ rəngli, vintaj Lanvin libası geyinib, Castin Trüdo isə bu xüsusi gecə üçün smokinq seçib.
Cütlük qırmızı xalçada sevgililərin verdiyi ənənəvi pozları verərkən, bir-birinə sevgi dolu və gülümsəyərək baxdıqları, səmimi anlarını göstərən fotolar da böyük həyəcan yaradıb və sosial şəbəkələrdə yayılıb. Keti Perri və Castin Trüdo qarşılarında ard-arda fotolarını çəkən çoxsaylı jurnalistlərə fikir vermədən bir-birlərinə tərəf əyilib alınlarını toxunduraraq birlikdə gülüb, qucaqlaşıb və həmin izdihamın içində sevgilərini yaşamaqdan çəkinməyiblər.
Bütün bu anlarda isə bir-birlərinin əlini heç buraxmayıblar. İkili arasındakı sevgi şayiələri ilk dəfə 2025-ci ilin iyulunda başlamışdı. Əvvəl həyat yoldaşından ayrılan, daha sonra baş nazirlikdən istefa verən 54 yaşlı Castin Trüdo birdən-birə Keti Perrinin Kanadadakı konsertində ortaya çıxmışdı.
Monrealda baş-başa yemək yeyərkən görüntülənən ikili daha sonra tez-tez paparassilərin hədəfinə çevrilib. Davamlı olaraq birlikdə göründükdən bir müddət sonra isə onların sevgi yaşadığı üzə çıxıb. Oktyabr ayında Keti Perrinin doğum gününü də Parisdə əl-ələ qeyd edən ikili daha sonra dekabr ayında Tokio səfərlərindən səmimi fotolar paylaşaraq münasibətlərini Instagramda rəsmən elan edib.
Yeni ili birlikdə qarşıladıqdan sonra cütlük aprel ayında Castin Biberin 2026 Coachella çıxışında birlikdə əylənərkən görülüb. Bir neçə gün əvvəl Us Weekly nəşrinə danışan mənbə Perrinin keçmiş nişanlısı Orlando Blumdan olan 5 yaşlı qızını Castin Trüdonun keçmiş həyat yoldaşı Sofi Trüdodan olan üç uşağı ilə tanış etdiyini bildirib.

Cütlüyün münasibəti birinci ilini tamamlamağa hazırlaşır. Onları tanıyanlar isə sıx iş qrafiklərinə baxmayaraq, bir-birlərinə vaxt ayırmağa xüsusi diqqət etdiklərini, çox yaxşı anlaşdıqlarını və birlikdə çox xoşbəxt olduqlarını deyirlər.
Keti Perri və Orlando Blum 2016-cı ildə “Qızıl Qlobus” mükafatlandırma mərasimindən sonra təşkil olunan partidə tanış olaraq münasibət yaşamağa başlamış, 2019-cu ildə isə Sevgililər Günündə nişanlanmışdılar.
Gözlənilən toy bir cür baş tutmadı və Keti Perri qızları Deyziyə baxmayaraq, ötən il Orlando Blumdan ayrılaraq 9 illik bu münasibətə son qoydu.

