Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni əkiz övladları Ella və Aleksandr üçün hər yay məktub yazdıqlarını, lakin onları hələ uşaqlara vermədiklərini açıqlayıblar.
Aktyorun CBS-ə müsahibəsində dediyinə görə, bu məktublar övladları böyüyüb onları başa düşəcək yaşa çatana qədər saxlanılır.
Kluni bildirib ki, məktublarda həmin dövrdə ailənin düşüncələri, ümidləri və həyatla bağlı baxışları əks olunur.

“Mənə elə gəlir ki, bu, bir növ zaman maşınıdır. İllər sonra onları oxuyanda o dövrdə nə düşündüyümüzü və sonda hər şeyin necə nəticələndiyini görmək mümkün olacaq”, – deyə aktyor bildirib.
Corc Kluni həmçinin əkiz uşaqları böyütməyin maraqlı tərəflərindən danışaraq qeyd edib ki, eyni tərbiyəni almalarına baxmayaraq, onların xarakterləri tamamilə fərqlidir.
Xatırladaq ki, Ella və Aleksandr Kluni iyunun 6-da 7 yaşlarını qeyd ediblər.

